Mirvarid Dilbazi | Azərbaycanın ilk qadın Xalq şairi

Bir əsrə sığmayan səksən doqquz illik ömür yaşayıb. Həyatı keşməkeşlərdə, tarixin çaxnaşmalarında keçib. Onun bu dünyada var olduğu səksən doqquz ildə məmləkətində dörd dəfə dövlət quruluşu
dəyişib...
Mirvarid Dilbazinin 1912-ci il avqustun 19-da dünyaya göz açdığı kənd — Qazax qəzasının Musaköy (indiki Xanlıqlar) kəndi Şimali Azərbaycanın bütün əraziləri kimi, Rusiya imperiyasının tərkibində idi...

Mirvarid Dilbazi

Zəhərə batırılmış badam içinə oxşayan uşaqlıq...

O, əsilzadə idi. Mənsub olduğu Dilbazilər Azərbaycanın məşhur nəsillərindən biridir. Türk əsillidirlər. Onlardan tarixi mənbələrdə Qaray, Qaraylı, Qaraman kimi bəhs edilib. Xanlıqlar kəndi tarixi yurd yerləri olub. Araşdırmalarda əvvəlki adının Xanoğulları kimi qeyd olunduğu bildirilib, Dilbazi isə ulu babaları Molla Ali ağanın ləqəbi olub. XVIII yüzilikdə yaşamış Molla Ali ağanın bu ləqəbi alması Nadir şahla bağlı əhvalatla əlaqələndirilir.
Tədqiqatlardan Dilbazilərin xanlıq, bəylik titullarının Səfəvilər dövrünə gedib çıxdığı məlumdur. İmtiyazları Əfşarlar, sonra xanlıqlar dövründə də qalıb. Çar Rusiyası Şimali Azərbaycanı öz müstəmləkəsinə çevirdikdən sonra Qafqazda ağaların, bəylərin hüquq və imtiyazları təsbit olunub. Bu hüquqlar Qazax mahalı üzrə Dilbazilərə də şamil edilib.
Dilbazilər bir çox sahədə məşhurlaşıblar. Şairlik şöhrətini bu soyada ilk bəxş edən isə Mirvarid Dilbazi olmayıb. Onun ulu babası, "Şair" təxəllüsü ilə şeirlər yazan Əbdürrəhman ağa Dilbazinin adı Azərbaycan ədəbiyyatı tarixində qalıb. Əbdürrəhman ağa Xanlıqlar kəndində dünyaya gəlib. Dövrünün mütərəqqi ziyalılarından olub. Bəzi mənbələrdə bildirilib ki, bədxahları igid, sözü üzə deyən, doğruları danışmaqdan çəkinməyən, əhali arasında böyük hörmətə malik Əbdürrəhman ağanın Qazax mahalını Cavad xana vermək istədiyini, onların əlbir olduqlarını, tez-tez görüşdüklərini Gürcüstan hakimi İrakliyə deyiblər. Qəzəblənən İrakli şairin gözlərini çıxartdırıb. Başqa bir söyləntiyə görə, Əbdürrəhman ağa Dilbazinin 1804-cü ildə Sisianovun Gəncə xanı Cavad xanı qətlə yetirməsinə həsr etdiyi divan başına bəla olub, gözləri həmin əsərə görə çıxarılıb.
Mirvarid Dilbazi 1994-cü ildə çap olunmuş «Bənövşələr üstə göz yaşları» xatirələr kitabında yazıb ki, XVII, XVIII və XIX yüzilliklərin axırınadək nəslimiz ziyalı-mülkədar nəsli olub: «Nəslimizdə müdrik, xalq hörməti qazanmış, Tiflisdə, Gəncədə mötəbər sayılan, çoxsaylı ziyalı dostları olan Böyük ağa, Çingiz ağa, Əbdürrəhim ağa, Baba Hüseyn ağa, İsmayıl ağa və adlarını unutduğum adlı-sanlı, səxavətli, xeyirxah yaşlı nəsli təmsil edən kişilər də yetişmişdi. Cavan atam da əmizadələrinin xeyirxah duyğuları ilə tərbiyələnib, inkişafa can atırdı».
Bəy ailəsində dünyaya gəlmişdi Mirvarid xanım. Bir xanım kimi böyüməli, nazı çəkilməli idi. Amma həyat ağır sınaqlarını ondan heç əsirgəmədi… Çəkdiyi acıları sonralar — 1998-ci ilin yanvarında «Biz od üstündə doğulduq» adlı məqaləsində qələmə aldı: «Mən ölümlər və sürgünlər, qadağanlar, milli qırğınlar və soyğunlar, milli təhqirlər, milli əsarət görmüş nəslin nümayəndəsiyəm. Uşaqlığım zəhərə batırılmış badam içinə oxşayır».
Dünya ləngər vurduqca, siyasət səhnəsi dəyişdikcə, hələlik olanlardan baş açmayan o balaca qızın da həyatına təsir göstərirdi… Cavan atası Paşa bəyi tez itirdi. Daş Salahlıda babası Mustafa ağanın mülkündə yaşamalı oldu. Baxdığı hər yer — Damcılı, Dilican yaylaqları əsrarəngiz təbiət mənzərələri ilə gözlərini oxşayır, ona gözəllikləri sevməyi öyrədirdi. Bir də o zamanlar görüb-götürdüyü ailə ənənələri, ona örnək olan doğmalarının tövsiyələri sonralar da harayına çox çatacaqdı...
O illərdə yaşadıqları böyük bir sevinc də olub. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulub. Müstəqil dövləti alqışlayan, bərqərar olması, güclənməsi üçün əllərindən gələni əsirgəməyənlər arasında Dilbazilər də vardı. Lakin milli dərdləri daha böyük oldu. Şair yada salırdı ki, 1920-ci ildə kəndlərimizə qəfil erməni hücumları, az ömürlü, iztirablı qaçqın günlərimiz bir-birini əvəz edirdi...
1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətini süquta uğradıb hakimiyyəti ələ keçirən bolşeviklər yeni qaydalar, sərt qadağalar tətbiq etməyə başladılar. Bütün xanlar, ağalar, bəylər kimi, Dilbazilər də imtiyazlarından məhrum edilib, torpaqları əllərindən alınıb. Keçmişlərini isə sovet rejimi unutmayıb. Təqiblərə, həbslərə, sürgünlərə, repressiyalara məruz qalıblar. Azərbaycanda sovet hakimiyyətini qəbul etməyən Dilbazilərin əksəriyyəti ya evindən, vətənindən qaçaq düşüb, ya da məhv ediliblər. Qalanlar isə nə qədər çətin olsa da, yollarına davam ediblər. 1921-ci ildə anası və bacısı ilə Bakıya köçən Mirvarid Dilbazinin o illərdə oxuyub öyrənməyə böyük marağı olub. Bacısı Yaqut Dilbazi ilə birlikdə qızlar seminariyasında dövrün görkəmli pedaqoqlarından dərs alıb.
Axşamlar Nərimanov arvadı Gülsüm xanımla vaxt tapıb məktəbə gəlirdi. Seminariyanın şagirdləri onların başına toplaşırdılar. Nəriman Nərimanov onlara şeir əzbərlətdirir, nəğmə oxutdurur, dərslərini yoxlayırdı. Keçmişdən, gələcəkdən maraqlı söhbətlər edirdi. Xüsusilə gələcək barədə elə şirin danışırdı ki, onu dinləyən uşaqlar quş olub, o gözəl gələcəyə uçmaq istəyirdilər: «Nərimanov özü də buna inanırdı. O, fikrə gedəndə biz çiyninə söykənir, ona sığınırdıq. Məktəbimizdən gedəndə isə yaman darıxırdıq. Doktor Nərimanov bizim üçün dünyanın ən əziz, ən doğma, ən maraqlı insanlarından biri idi», — Mirvarid xanım yazır, sonra isə Nəriman Nərimanovla son görüşlərini yada salırdı...
Bir axşam yenə məktəbin çıraqları yanıb, böyük salonda Nərimanovun ətrafına toplaşıblar. O, gec ayrılıb gedib. Bir neçə ay gözləri yolda qalıb. Ancaq Nərimanov bir daha gəlməyib. Sonradan öyrəniblər ki, onu Moskvaya aparıblar. 1925-ci ildə Nərimanovun ölüm xəbərini eşidiblər...

Mirvarid Dilbazi

Həyatın məngənəsində...

İyirmi altı yaşından dul qalmış, bütün ümidini onlara — iki qızına bağlamış anaları ilə Bakıda da çox çətin günlər keçiriblər. O ağrılı-acılı vaxtlarını Mirvarid xanım qüssə ilə xatırlayırdı: «Bacım Yaqutla mən bir „ləğv“ olunmuşların qalqısı idik. Odur ki, bizim haqqımızda yaxşı insanlar yaxşı söz deməkdən çəkinirdilər. Şükür ki, pis söz də deyən yoxdu. Mərkəzdə oxuduğumuz ali məktəblərdən Xanlıqlar, Daş Salahlı kəndlərinə bizim haqqımızda göndərilən sorğulara xeyrimizə cavablar gəlirdi. Biz iki bacı, bir ana camaatın köməyi ilə sürgünlərdən, qırğınlardan uzaq olduq. Lakin maddi məhrumiyyətin pəncəsindən qurtara bilmədik.
Çünki var-yoxumuz babamın evində qalmışdı».
İçərişəhərdə məşhur folklorşünas Əbülqasım Hüseynzadənin evində dəmir çarpayı, kiçik divan, qarğı kitab rəfi və balaca yemək stolundan başqa heç nəyi olmayan 9-10 kvadratmetrlik bir otaqda qalırdılar. Mirvarid xanım xatırlayırdı: «Biz iki bacı orta məktəbdə müəllimlik edirdik. Qeyrətli ana bu az pulla bizi gözütox, ürəyişad, gələcəyə ümidlə dolandırdı. O illər ölkədə hər şey qıt, bəlkə də yox idi. Geyim-kecim üçün hökumət qızıl mağazası açmışdı. Biz iki bacı da seminariyadan aldığımız iki qızıl medalı və anamızın əldə olan-qalan qızıl ziynətlərini verib oradan bir-iki dəst paltarlıq parça aldıq».
İçərişəhərdəki o kiçik otağın alçaq pəncərəsinin taxtası gənc Mirvarid xanıma yazı stolunu əvəz edib. Sonralar Nəvainin «Fərhad və Şirin» əsərinin tərcüməsi, 1941-ci ilədək nəşr olunan şeirləri və poemaları həmin pəncərə qarşısında yaranıb.
Mirvarid Dilbazi Qızlar Seminariyasını bitirəndən sonra Biləcəridəki onillik dəmiryol məktəbində işləyib. İlk günlərdən bacarıqlı müəllim kimi tanınıb. 1928-ci ildən şəhərdə rus məktəbində dərs deyib. Ali təhsil almaq niyyətindəydi. O da, bacısı Yaqut xanım da Ali Pedaqoji İnstituta daxil olublar. Ancaq maddi ehtiyaclar ucbatından Yaqut xanım 19 nömrəli məktəbdə işləyib ki, kiçik bacısı ali təhsil ala bilsin. Mirvarid xanım Ali Pedaqoji İnstitutun Ədəbiyyat-ictimaiyyət fakültəsində təhsil alıb. Sabit Rəhman, Cəfər Xəndan, Məmməd Rahim də o zaman həmin ali məktəbin tələbələri idilər. Əli Nazim, Əli Sultanlı, Bəkir Çobanzadə unudulmaz müəllimləri olublar. Əli Sultanlının Qərb, Əli Nazimin proletar ədəbiyyatından dərs dedikləri heç vaxt xatirindən çıxmayıb.
Mirvarid Dilbazi bədii yaradıcılığa təhsil illərində başlayıb. 1927-ci ildə «Oktyabr alovları» adlı jurnalda «Qadınların hürriyyəti» adlı ilk şeiri işıq üzü görüb. 1920-ci illərin sonlarında qələmə aldığı «Zəhra», «Qurtuluş», «Qadın» şeirləri də həmin jurnalda dərc olunub.
Ali məktəbi 1932-ci ildə bitirib. Qubaya işə göndərilib. Quba Partiya Məktəbində müəllim işləyib. İki il sonra Bakıya dönüb. 1934-1938-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Əlyazmaları Fondunda şöbə müdiri, 1938-1940-cı illərdə Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi işləyib.
Yenə həyatın ağır sınaqlarından keçirdi… Mirvarid Dilbazi 1920-ci ildən başlayaraq üzləşdikləri faciələri illər sonra qüssə ilə yada salırdı: «Toplu-tüfəngli „qızıl“ ordunun işğalıyla kəndlərimizdə dəyişən həyat tərzi, sinfi mübarizə şüarı altında həbslər, sürgünlər, kütləvi ölümlər, dağıdılan əmlaklar, 37-ci ilin fəlakətli günləri, gecələr döyülən qapılar, 18 yaşlı dayımın aparıldığı qara maşının arxasınca tökülən göz yaşlarımız, onun Sibir cəhənnəmindən gələn məktubları, babamın həbsi, daha nələr… nələr...»
Bütün bunların ağrısı onun uşaqlıq və gənclik illərində ürəyindən keçib. Anası hazırladığı xörəyi, paltarı qoca, günahsız məhbus atasına vermək üçün gəncliyə yenicə qədəm qoyan iki qızı ilə birgə dəniz qırağındakı həbsxananın qapısı önünə səhər gedib, axşam qayıdıb.
1930-cu illərin «təmizləmə» dövründə Mirvarid Dilbazinin babasını da güllələnənlərin siyahısına salıblar: «Lakin xeyirxah camaat qocanın ağ saqqalını qana bulanmağa qoymadı. Onu ölümə verilənlərin doldurulduğu damdan çıxardılar, sürgündənsə saxlaya bilmədilər. Onun 18 yaşlı oğlu ilə birlikdə qəbri Qazaxıstan çöllərində qumlar altda qaldı. Ağbirçək nənəm ordan tək qayıtdı. Ziyalı dayılarımın qəbirləri Türkiyənin Amasiya şəhərində bir dağ ətəyində, anamın, nənəmin qəbirləri Bakıdadır». Beləcə, böyük bir ailənin üzvlərindən heç birinə doğma kənd torpağında, nənə-babalarının, ata-analarının yatdığı məzarlıqda dəfn edilmək qismət olmayıb. 1937-ci ildə sovet hakimiyyətinin repressiya siyasətinin güdazına gedən, sürgün olunduğu Qazaxıstanda dünyasını dəyişən babası Mustafanın qəbri indiyədək naməlumdur.

 

Asfaltı yarıb göyərən ot kimi çətinlikləri yarıb keçənlər

Yaradıcılıq yolu da asan olmayıb. Çox çətinliklərlə üzləşsə də, qələmdən, əməkdən, qeyrətdən, xalqına, sənətinə məhəbbətdən başqa köməkçisi olmayıb. Onlar bir sinif kimi ləğv olunmuşların övladları idilər. Lakin arasında boya-başa çatdıqları kənd camaatına borclu sayırdılar özlərini. Aldadılmış, qorxudulmuş o camaat öz milli xeyirxahlıq duyğularına sadiq qalaraq «mərkəz»dən göndərilən suallara Mirvarid xanımgilin xeyrinə cavab verirdi. «Biz bu xeyirxahların köməyi ilə asfaltı yarıb göyərən ot kimi çətinlikləri yarıb keçdik, öz varlığımızı, etiqadımızı saxlaya bildik», — deyirdi Mirvarid Dilbazi.
Xalq artisti olan Əminə Dilbazinin qardaşı Rəşidlə ailə qurub. Əmiuşağı idilər. 1942-ci ildə Rəşid Böyük Vətən müharibəsinə yollanıb. O, gedəndən sonra qızı dünyaya gəlib. Mirvarid xanım Xatirə adını verdikləri övladına həm ana, həm də ata olub. Səməd Vurğunun məsləhəti ilə ikinci dəfə ailə həyatı quranda isə o, artıq nənə idi, bir nəvəsi vardı.
Mirvarid Dilbazi şeirlər, «Məshəti», "Əlcəzairli qız", «Partizan Aliyə», «Avey dağla söhbət» və digər poemalar, «Xocalı fəryadı», «Məhsəti» pyeslərini qələmə alıb. Xaqani Şirvani, Nizami Gəncəvi, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Nikolay Tixonov, Samuel Marşak və başqa şairlərin əsərlərini, Evripidin "İppolit" faciəsini Azərbaycan dilinə tərcümə edib. Əsərləri xarici dillərə tərcümə olunub. Bəstəkarlardan Fikrət Əmirov, Ağabacı Rzayeva, Süleyman Ələsgərov, Tofiq Quliyev, Şəfiqə Axundova və başqaları şairin sözlərinə mahnılar, romans və oratoriyalar bəstələyiblər.
Müxtəlif illərdə Dövlət mükafatına, Xalq şairi, Əməkdar mədəniyyət işçisi adlarına, "Əmək igidliyinə görə" medalı, iki dəfə "Şərəf nişanı", «Qırmızı əmək bayrağı», "İstiqlal" ordenlərinə layiq görülüb.
1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində baş verən hadisələr Mirvarid Dilbazini də sarsıtdı. Ömrünün ahıl çağında yenidən erməni xəyanəti ilə üzləşmək onu dəhşətə gətirdi. Gözəlliyinə heyran olduğu Qarabağ torpağı, meşələrinin nəğməsini dinlədiyi, dağlarının havasını udduğu, buz bulaqlarının suyunu içib qoynunda dincəldiyi Ağdam, Şahbulaq, Abdal Gülablı cənnəti üzərinə yağdırılan raket, top mərmilərinin ağrısı sanki onun ürəyindən keçirdi. Xalq şairi Vətən oğullarını dönməzliyə, vüqarlı olmağa səsləyirdi.
Yurd-yuvasından didərgin düşmüş qaçqın və köçkünlərimizə həsr etdiyi «Ağla, kamanım, ağla», «Qoymayın ağlayım məni», 20 Yanvar faciəsi ilə bağlı yazdığı "Öpün bu qanlı torpağı", "Şəhidlər qəbiristanında", «Qanlı yanvar bayatıları» və digər şeirləri o faciəli tarixi əks etdirib. Kədərini, sevincini kövrək misralara çevirən şair ömrünün payız çağlarında xalqımızın qələbəsini görmək arzusu ilə yazıb-yaradırdı:
Odum, ocağım,
Ana qucağım
Qalsam həyatım,
Ölsəm torpağım, Azərbaycanım!

Ömrünün ahıl çağında Qarabağ dərdi bütün dərdlərini üstələyib. Qarabağ niskili ilə dünyasını dəyişib. Mirvarid Dilbazi 2001-ci il iyulun 12-də vəfat edib.

 

 

Müəllif: Zöhrə FƏRƏCOVA,
Mənbə: Azərbaycan qəzeti

Oxşar məqalələr

 

0 şərh